«Azərbaycan Sənaye Korporasiyası» ASC balansındakı yaşayış və qeyri-yaşayış sahələrini satmağa hazırlaşır.
FED.az xəbər verir ki, şirkət bunun üçün peşəkar şirkətləri əməkdaşlığa dəvət edir.
İlk növbədə söhbət Sovetski adlanan ərazidəki «Abidə» MTK-dakı mənzillərin və obyektlərin satışından gedir: «Yaşayış kompleksində yaşayış və qeyri yaşayış sahələrinin satışının təşkil edilməsi üçün müvafiq sahədə peşəkar şirkətləri əməkdaşlığa dəvət edir». Qurumdan FED.az-a bildirilib ki, MTK-da 100-ə yaxın mənzil və obyekt var. Satış qiymətini Korporasiya özü müəyyən edəcək.
Bu prosesdə Bakı şəhərində ofisi olan hüquqi və fiziki şəxslər iştirak edə bilər. Onlardan Bank rekvizitləri, VÖEN və dövlət reyestrindən çıxarışı, son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, müvafiq sahədə iş təcrübəsi, icra etdiyi analoji layihələr və müqavilələr barədə məlumat, müvafiq sahədə işçi qüvvəsinə malik olması barədə məlumatı (CV) və say tərkibi tələb olunacaq.