Azərbaycanda 2021-ci ildə daşınmaz əmlakla əməliyyatların sayı ilk dəfə olaraq 300 mini keçib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini məlumatına görə, 2021-ci il ərzində 305 308 daşınmaz əmlakla əməliyyat aparılıb.
Bu göstəricinin 64 737-si (21,2%-i) ilkin qeydiyyatın, yəni ilk dəfə sənədləşdirmənin, 240 571-i (78,8%-i) isə təkrar qeydiyyatın, yəni alqı-satqı, bağışlanma və sair - payına düşür.
2021-ci il ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı ötən illə müqayisədə 28,6% artıb.
Hər iki əməliyyatdan biri torpaqla bağlıdır
2021-ci ildə Azərbaycanda əməliyyat aparılan əmlaklardan 48 588-i fərdi yaşayış və bağ evi, 91 546-sı mənzil, 152 706-sı, yəni bütün əməliyyatların 50%-i torpaq sahəsi ilə bağlı olub. 3 593-ü qeyri-yaşayış binası, 8 019-u qeyri-yaşayış sahəsi, 809-u əmlak kompleksi, 47-si isə çoxmərtəbəli yaşayış binasıdır.
Hər 3 əməliyyatın 2-si regionlarda aparılıb
Qeyd edək ki, ötən il ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 3-də biri - 101 906-sı Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı
2021-ci il ərzində 16 082 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2020-ci illə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 20,5% artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən il torpaq sahələrinin ilkin qeydiyyatı 2020-ci illə müqayisədə 23,8% artaraq 15 637, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 37,1% artaraq 3 670 olub.
Tərtib edilən texniki pasportların və qeydiyyata alınan ipoteka müqaviləsinin sayı
Ötən il ərzində 237 447 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, 2020-ci il ilə müqayisədə 18,9% artım deməkdir. 2021-ci ildə qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 2020-ci illə müqayisədə 64,5% artaraq 53 775 olub.