İpoteka haqqında və İcra haqqında qanunlar bəzi müddəalarının tənzimlənməsi məqsədilə Milli Məclisdə yaradılan İşçi Qrupunun rəhbəri Vüqar Bayramov ipoteka predmetinin banklar tərəfindən əldə edilməsi zamanı vergiyə cəlb edilməməsinin tərəfdarı olduğunu açıqlayıb.
Eləcə də bax: Azərbaycanda 30,4 mindən çox - İPOTEKA KREDİTİ VERİLİB
FED.az xəbər verir ki, V.Bayramov deyib ki, Konstitusiya Məhkəməsi Plenumu 23 iyul 2020-ci il tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının mümkün qədər qısa müddət ərzində tənzimlənməsi ilə bağlı Milli Məclisə müraciət edib.
Millət vəkili artıq məsələ ilə bağlı ilkin qiymətləndirmə və müzakirələr aparıldığını söyləyib: "Nəzərə alınmalıdır ki, burada mübahisə doğuran məqamlardan biri məhz həmin girovların alqı-satqı deyil, sadəcə bankın mülkiyyətinə keçəndə vergiyə cəlb olunması ilə bağlıdır. Girovlar hərraca çıxarılır və girov satılmırsa, ikinci hərracda girovun qiyməti 15 % azaldılır.
Əgər ikinci hərracda da satılmırsa, girovun qiyməti 25 % azaldılaraq, bankın sərəncamına keçir. Bankların arqumenti ondan ibarətdir ki, burada alqı-satqı olmadığı üçün həmin girov vergiyə cəlb olunmamalıdır. Təbii ki, bununla bağlı da müzakirələr gedir.
Vergi Məcəlləsində bu əmlakın təqdim olunmasına görə verginin hesablanması nəzərdə tutulub. Bankların sərəncamında isə kifayət qədər böyük əmlak var ki, onların girov kimi bankın sərəncamına keçməsi və realizasiyası ilə bağlı problemlər mövcuddur.
Bu baxımdan mövqeyim belədir ki, həmin ipoteka predmetlərinin banklar tərəfindən əldə edilməsi, bankların sərəncamına keçməsi zamanı həmin ipoteka predmetləri vergiyə cəlb edilməsin".