2019-cu ildə Azərbaycanda 262 minə yaxın daşınmaz əmlaka dair çıxarış verilib ki, bu da 2018-ci illə müqayisədə 16,5% çoxdur.
FED.az bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qeydiyyata alınan əmlakın 77 mindən çoxu (29,5%) ilkin, 185 minə yaxını (70,5%) isə təkrar qeydiyyata aiddir.
Bunlardan 44 minə yaxını fərdi yaşayış və bağ evi, 75,5 minə yaxını mənzil, 13 minə yaxını torpaq sahəsi, 4,5 minə yaxını qeyri-yaşayış binası, 1000-ə yaxını əmlak kompleksi, 7049-u qeyri-yaşayış sahəsi, 75-i çoxmərtəbəli yaşayış binası, 24-ü isə çoxillik əkmələrdir.
Qeyd edək ki,keçən il 224 minə yaxın daşınmaz əmlakın texniki pasportu tərtib edilib. Eyni zamanda, 43,5 mindən çox ipoteka müqaviləsi, 4309 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 250 minə yaxın məhdudiyyət arayışı verilib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istismara icazə aktı daxil olan 280-ə yaxın bina üzrə 11 min mənzilin çıxarışı hazırlanıb.
Xatırladaq ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilir və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilir. Ötən il ərzində 22 bölgədə səyyar qeydiyyat kampaniyası təşkil edilib.