Azərbaycanda 2021-ci il ərzində tikinti materiallarının hasilatı üzrə 24 karxana hərraca çıxarılacaq.
Eləcə də bax: Azərbaycanda ilk dəfə olaraq - KARXANA HƏRRACA ÇIXARILIB – MƏBLƏĞLƏR, DETALLAR
FED.az xəbər verir ki, bu barədə ASAN Radio və Azərbaycan Beynəlxalq Bankının birgə layihəsi olan «Sahibkarlar Klubu» verilişinə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin idarə heyətinin sədri Samir Qurbanov bildirib: «Artıq 24 yataq müəyyənləşdirilib, onlar indiyədək istismar edilməyib, onların ehtiyatlarının həcmi dəqiq müəyyən edilib»..
Onun sözlərinə görə, bunlar əsasən tikinti materialları - qum-çınqıl, gil, mişar daşı yataqlarıdır ki, onlar da işğaldan azad olunan ərazilərin yaxınlığında yerləşirlər.
Nəticədə bu yataqdan çıxarılan tikinti materiallarından ərazilərin bərpasında istifadə ounması asanlaşacaq: «Söhbət 7 rayonda yerləşən 24 yataqdan gedir. Bunlar Goranboy, Göygöl, Füzuli, Ağstafa, Qazax və digər rayonlardır. Məqsəd odur ki, azad olunan ərazilərdə quruculuq işlərinə cəlb olunan şirkətlər və dövlət müəssisələri bu xammaldan istifadə edə bilsinlər».
Onun sözlərinə görə, karxanaların hərraca çıxarılması yerin təkindən istifadənin şəffaf həyata keçirilməsi və dövlətin bu sahədə maraqlarının qorunması məqsədi daşıyır.