Azərbaycanda əhalinin mənzillə təminatı üçün 7 il əvvəl yaradılmış kirayə ilə satış üsulundan ölkədə 10 mindən artıq ailə istifadə edib.
Kirayə üsulu ilə 208 yeni mənzil satışa çıxarılır – Aylıq ödəniş 620 manatdan başlayır
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Fond öz məlumatında xatırladır ki, mənzil almaq üçün şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillərin kirayə üsulu ilə satışı mexanizmi prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq yaradılıb. Hazırda satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən uğurla davam etdirilir.
Belə ki, 28 avqust 2026-cı il tarixinə qədər kirayə mexanizmi vasitəsilə 10 mindən artıq ailənin, daha dəqiqi 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb. Təkcə 2026-cı ilin ilk 8 ayında 945 ailə kirayə üsulu ilə mənzilə saşib olub. İlin sonuna kimi kirayə müqavilələrinin sayının artacağı gözlənilir.
Fondun məlumatına görə, satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib.
Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.












