Azərbaycan bu ilin fevral ayında baş vermiş güclü zələzələ nəticəsində dağılmış Kahramanmaraş şəhərində şəhərciyin inşasına yaxın zamanlarda başlamağı planlaşdırır.
Ərdoğan: "Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçılarını qəbul edərkən deyib.
“Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyəyə dəhşətli zəlzələdə həlak olanların xatirəsini hörmətlə anaraq, bir daha başsağlığı vermək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərmişdir. Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda biz inşaata başlayacağıq”, - deyə İlham Əliyev bildirib.
O, həmçinin TDT-nin fəaliyyətinə toxunaraq qeyd edib ki, bu gün dünya miqyasında təşkilat öz layiqli yerini tuta bilib.
“Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaq”, - deyə prezident vurğulayıb.
O bildirib ki, noyabrda keçiriləcək Türk dövlətlərinin başçıları səviyyəsində 10-cu Zirvə görüşünə böyük hazırlıq işləri gedir.
“Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib”, - deyə İlham Əliyev diqqətə çatdırıb.
Hazırda 5 ölkə (Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Qazaxıstan) TDT-nin tamhüquqlu üzvüdür. Macarıstan, Türkmənistan və Şimali Kipr təşkilatda müşahidəçi statusuna malikdir.