Azərbaycanın ən iri tikinti şirkətlərindən olan “AS Group İnvestment” Gürcüstanda yaşayış kompleksi inşa edir.
FED.az xəbər verir ki, Tiflisdə “Dirsi” yaşayış kompleksinin tikintisini “AS Group”un törəmə şirkəti olan “AS Georgia” həyata keçirir. Komplek bir neçə fazadan ibarətdir.
“AS Group İnvestment” şirkətinin PR meneceri Vüqar Babayevin verdiyi məlumata görə, hələlik layihənin birinici fazası inşa olunub və istismara verilib. Binalarda hazırda 700-ə yaxın ailə yaşayır.
Qeyd edək ki, Tiflisdəki “Dirsi” Yaşayış Kompleksinə indiyədək 150 milyon ABŞ dollarından artıq məbləğdə investisiya qoyulub.
Mənzillərin qiymətinə gəlincə, V.Babayev bunun evlərin hansı binada, hansı mərtəbədə yerləşməsindən, mənzərəsindən, təmirindən asılı olaraq fərqləndirildiyini deyib. Qiymətlər 1 kvdrat metr üçün 600 dollardan 900 dollardək dəyişir. Azərbaycanlılara qiymətdə güzəştlərin edilməsinə gəlincə, şirkət təmsilçisi bunun mümkün olmadığını bildirib:
“Xüsusi bir millətin adı ilə güzəşt tətbiq etmək ayrıseçkilik yaradar və yerli xalqlarda etirazla qarşılanar. Bu baxımdan şirkətimiz ayrıseçkiliyə yol verməyib”.
Onu da deyək ki, “Dirsi” layihəsi qarşıdakı illərdə də davam etdiriləcək və növbəti fazaları həyata keçiriləcək.
Azərbaycan şirkəti Gürcüstanda yaşayış kompleksi tikir – QİYMƏTLƏR
12:38
30 Yan 2018