İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) binaların informasiya modelləşdirməsi (BİM) ilə bağlı 3 dövlət standartı qəbul edib.
FED.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bunlar, AZS ISO 19650-1:2024 “BİM daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması — Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi — Hissə 1: Konsepsiya və prinsiplər”, AZS ISO 19650-2:2024 "BİM daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması - Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi - Hissə 2: Aktivlərin icra mərhələsi” və AZS ISO 19650-3:2024 “BİM daxil olmaqla binalar və mülki mühəndislik işləri haqqında informasiyanın təşkili və rəqəmsallaşdırılması - Binaların informasiya modelləşdirməsindən istifadə etməklə informasiyanın idarə edilməsi - Hissə 3: Aktivlərin istismar mərhələsi” dövlət standartlarıdır. Onların qəbul edilməsində məqsəd tikinti layihələrində vaxt və maliyyə itkilərinin azaldılması, resursların daha düzgün planlaşdırılması və səmərəliliyin artırılması, inşaat və istismar mərhələlərində məlumatların vahid platformada dəqiq, şəffaf şəkildə inteqrasiyalı idarə edilməsindən ibarətdir.
Dövlət standartlarının layihələri Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə olunub, İnstitut onları təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna və Reyestrinə daxil edib.