“Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpa işləri ilə bağlı strategiya hazırlayır”.
FED.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, ilk olaraq bərpa işləri Şuşa şəhərindən başlanılacaq: “Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Çünki Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa mədəniyyətin paytaxtı elan edilib”.
Nazir deyib ki, hazırda yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur: "Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır".
Nazirin sözlərinə görə, azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir.
O bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: "Bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir".