Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksindəki 307 mənzili satışa çıxarır. FED.az MİDA-nın elanına istinadən xəbər verir ki, satış 1 İyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
1 otaqlı mənzillərin qiyməti 32 min 215 manatdan, 2 otaqlı mənzillərin qiyməti 42 min 415 manatdan, 3 otaqlı mənzillərin qiyməti 57 min 120 manatdan başlayır.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 1 otaqlı üçün aylıq ödəniş 138-143 manat, 2 otaqlı üçün 182-253 manat, 3 otaqlı üçün 245-268 manat təşkil edir.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
1 otaqlı - 28 min 994 manatdan,
2 otaqlı - 38 min 174 manatdan,
3 otaqlı - 51 min 408 manatdan.
Qeyd edək ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.