Artıq Bərdədə torpaqların real vəziyyətini əks etdirən uçot sistemi mövcud oldu
15:33
2 Noy 2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Bərdə rayonunda praktiki istifadəyə verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 2-də Bərdə rayonunda İctimai təqdimat keçirilib. Bunun nəticəsində həmin rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sistemi mövcud olub. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub.
Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, bu işlərin rayonda torpaqların səmərəli inzibatçılığına və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izah edilməsi təqdimatın əsas məqsədidir. Həmçinin tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Bərdə rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirildi.
Hazırlanmış uçot işləri Bərdə rayonunun bələdiyyə hüdudları daxilində 80,5 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bəlli olub ki, 30,8 min hektar bələdiyyə, 9,3 min hektar dövlət, 40,4 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 59,8 min hektara yaxını (74,3 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 49,3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 45,1min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına artaraq 49,3 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 15,6 minə yaxınının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilib. Belə ki, həmin ərazilərdə 2768 tikili və qurğuların (bundan 234-ü dövlət, 1415-i bələdiyyə, 1119-u xüsusi mülkiyyətində) olduğu aşkar olunub.
Torpaq fondunun dəqiq uçotu işinin nəticəsində rayonda kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyi artırılır, ehtiyatlardan tam, dolğun və düzgün istifadə olunur, o cümlədən kiçikölçülü pay torpaqlarının təmərküzləşməsini təmin edə bilən hüquqi, iqtisadi mexanizmlər hazırlanır. Kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşir. Həmçinin torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Şorakətləşmiş, şorlaşmış və eroziyaya uğramış torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün həmin ərazilərdə müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Qeyri-qanuni tikililərin nizama salınması məqsədi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyələr qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq vəsatətlərlə rahatlıqla çıxış edir. Eyni zamanda bu işlər nəticəsində müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə bələdiyyələrdə lazımi texniki imkanlara malik informasiya sistemi qurularaq torpaqların elektron kadastr uçotu sistemi ilə məlumat mübadilələri aparılır.
Torpaqların Elektron Kadastr Uçotu sisteminin təşkili ilə təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların sərhədləri, həndəsi ölçüləri, iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumatlar elektron bazaya daxil edilib. O cümlədən, torpaqların relyefini, meyillilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub.
Tədbirin sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.