12 mart 2020-ci il tarixindən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə sənədlərini təqdim edərək Fond tərəfindən razılıq qərarı əldə etmiş vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi başlayıb.
Fonddan FED.az-a bildirilib ki, artıq Fondun razılıq barədə qərarını əldə edən 77 vətəndaşdan 25-i onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib. Yaşayış sahələrinin seçilməsi qaydası ilə EİKZS-də yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.
Qaydalara əsasən, vətəndaş 3 iş günü müddətində elektron sistemdə kirayə üçün yaşayış sahəsini seçməlidir. Vətəndaş yaşayış sahələrinin siyahısından mənzil seçimi etdikdə digər şəxslərin həmin mənzili seçmə imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Yaşayış sahəsinin seçilməsi barədə ərizəçinin elektron kabinetinə göndərilən bildirişdə kirayə müqaviləsinin bağlanması müddəti və müqavilənin rəsmiləşdirilməsinin aparılacağı yer barədə məlumat əks olunur. Mənzil seçimi edən vətəndaşla Fond arasında kirayə müqaviləsi bağlanılır. Kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində vətəndaş aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödəməlidir. Bununla kirayə müqaviləsi qüvvəyə minir və ərizəçi kirayəçi statusu qazanır. Bundan sonra kirayə müqaviləsində nəzərdə tutulan müddət ərzində yaşayış sahəsi kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir.
Ümumilikdə, kirayə mənzil üçün müraciətin qəbulu və baxılmasından kirayə müqaviləsinin rəsmiləşdirilməsinə qədər olan prosesin müddəti maksimum 15 iş günü təşkil edir.
Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Məlumata əsasən, bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:
EİKZS-də elektron kabinet yaradanlar |
8117 |
Müraciət formalaşdıranlar |
7312 |
Müraciət göndərənlər |
5657 |
Sənəd təqdim edənlər |
221 |
Razılıq qərarı alanlar |
77 |
Mənzil seçimi edənlər |
25 |