Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli paytaxtdan olan bir qrup iş adamı ilə görüşüb. Görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib və Naxçıvanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün təkliflərini xüsusi nümayəndənin diqqətinə çatdırıblar.
FED.az xəbər verir ki, öz növbəsində qonaqları salamlayan Prezidentin səlahiyyətli nümayəndəsi bildirib ki, Naxçıvanın iqtisadi həyatında yeni mərhələ başlayır və Muxtar Respublikanın rəhbərliyi iş adamlarının fəaliyyətində maraqlıdır. Fuad Nəcəfli qeyd edib ki, azad rəqabət şəraitində iş adamlarının Naxçıvanda fəaliyyəti üçün münbit şərait yaradılacaq.
Görüşdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, “VECON CONSULTİNG” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc da iştirak edib. AQC sədri vuğrulayıb ki, dövlət və özəl sektorda zəngin iş təcrübəsinə malik Fuad Nəcəflinin cənab Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi təyin olunması mühüm addımdır: “2018-ci ildən başlayan və cəmiyyətin bütün sahələrini əhatə edən kompleks islahatlar planının tərkib hissəsi olaraq gənc və peşəkar kadrların yüksək dövlət vəzifələrinə təyinatı idarəetmə sistemində yeni mərhələnin başlanğıcıdır. Əminik ki, bu islahatlar ölkəmizin inkişafına, idarəetmədə peşəkarlığın və şəfaflığın artırılmasına rəvac verəcək”.
V.Oruc səlahiyyətli nümayəndənin diqqətinə çatdırıb ki, rəhbəri olduğu “VECON CONSULTİNG” qiymətləndirmə şirkəti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) subyektləri xidmət sahəsində fəaliyyət göstərir: “Məlumat üçün bildirim ki, Qiymətləndiricilər Cəmiyyəti (AQC) 60-a yaxın qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir və ölkə qiymətləndiricilərinin yeganə platformasıdır. Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının üzvü olaraq beynəlxalq qiymətləndirmə standartlarının ölkəmizdə tətbiqi, eləcə də milli qiymətləndirmə standartlarının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Naxçıvanda fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin də cəmiyyətimizə inteqrasiyası və sertifikasiya kurslarında və imtahanlarında iştirakı təşəbbüsü ilə çıxış edirik. Azərbaycanda qiymətləndirmə sertifikasiyasını həyata keçirən vahid qurum olaraq Naxçıvanda fəaliyyət göstərən qiymətləndiricilərlə də əməkdaşlığın artırılmasında maraqlıyıq. Obyektiv səbəblərdən bu günə qədər təmaslarda gecikmələr müşahidə olunub”.
Dövlət satınalmaları zamanı şəffaflığın təmin olunmasının vacibliyindən bəhs edən V.Oruc əlavə edib ki, bu ölkədə dayanıqlı və rəqabətli iqtisadiyyatın formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir: “Rəhbəri olduğum “VECON CONSULTİNG” qiymətləndirmə şirkəti ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən biridir və bu günə qədər minlərlə layihəni icra edib. Naxçıvan Muxtar Respublikasında da qiymətləndirmə layihələrimiz olub və əminik ki, bundan sonra da davam edəcək. Ümidvaram ki, sizin rəhbərliyiniz dövründə peşəkar biznes subyektlərinin Naxçıvanda fəaliyyəti üçün əlverişli şərait yaradılacaq”.
AQC sədrini salamlayan Prezidentin səlahiyyətli nümayəndəsi söyləyib ki, Naxçıvanda azad biznes və rəqabət mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılacaq: “Bizim qapımız hər kəsə açıqdır. Əminik ki, sizlərlə birlikdə böyük işlər görəcək, Naxçıvanın inkişafına mühüm töhfələr verəcəyik” – deyə Fuad Nəcəfli fikrini yekunlaşdırıb.