Azərbaycanın işğaldan azad edilən ərazilərində, daha dəqiqi Ağdamda özəl şirkət yeni çoxmənzilli bina – «novostroyka» tikintisinə başlayıb.
FED.az xəbər verir ki, Ağdamın mərkəzində tikilən bina «Ağdam şəhərinin ilk müasir yaşayış kompleksi» kimi təqdim edilir. Fərqli memarlıq üslubu ilə 6 mərtəbədən ibarət binada mənzillər 30% ilkin ödənişlə 36-48 aylıq faizsiz kreditlə satılır. Mənzillərin kvadratmetrinin qiyməti 1250 manatdır.
Tikintini həyata keçirən «Parkhill» şirkəti Bakıda tikiniti işləri ilə tanınır. Şirkətin bütün layihələri Bakının bütün tikinti şirkətləri üçün açıq olmayan ərazisində - «Ağ Şəhər»də həyata keçirilir.
Tikinti şirkətində Ağdamda yaşayış binasının tikintisini təsdiqləyiblər. Buradan bildirilib ki, «Park Qarabağ» adlanan kompleks şəhərin mərkəzində, məscidin yaxınlığında, gələcəkdə salınacaq Ağdam şəhəri mərkəzi parkının yaxınlığında inşa edilir. Eyni zamanda yeni tikilən bina yeni açılacağı gözlənilən Ağdam-Bərdə yolunun üstündə yerləşir.
Şirkətdən bildirilib ki, artıq burada bina tikintisinə icazə verilir: «Burada dövlətin və sahibkarların layihələri var».
Ağdamda inşa edilən binada mənzillərin qiymətinin belə bahalı - kvadratmetri 1250 manat olmasına gəlincə, şirkət nümayəndəsi buna zarafatla «Masazır deyil, Əhmədli deyil, Ağdamdır, o torpaqlar dəyərlidir» deyə bildirib.
Daha sonra isə bildirilib ki, Ağdamda tikilinin maya dəyəri yüksəkdir:
«Beton-armaturun qiyməti artıb, Bakıda fəhlə günü 20 manat işləyirsə, orada 40 manata işləyir, armatur burada bazardan 100 manata gəlir, oraya isə 400 manata gedir. Demək olar, başa gəlmə qiymətinə satırıq» - deyə şirkətdən bildirilib.
Maraqlıdır ki, Ağdam şəhərinin Baş Planı hələ təsdiqlənməyib. Baş Plan bir neçə ay əvvəl dövlət başçısına təqdim edilsə də, onun detalları ictimaiyyətə açıqlanmır və bu zaman sənədin hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənmədiyi əsas göstərilir.
Sözügedən layihə Şəhərsalma və Arxitektura Komitəsinin tikintilərin reyestrində də yerləşdirilməyib.