Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində 16.10.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılıb.
Agentlikdən FED.az-a verilən məlumata görə, həmin mənzillərdən 2-si 18.10.2019-cu il tarixində mənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.
Eləcə də bax: Azərbaycanda daha bir şəhərdə - GÜZƏŞTLİ MƏNZİL TİKİNTİSİ BAŞLAYIR
Güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.
Bununla əlaqədar olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir. Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.