Azərbaycanda uzun illərdir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı problemlər var.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, problem daha çox Bakı və onun ətrafındakı ərazilərdədir. İqtisadçı deputat Vüqar Bayramov feysbuk hesabında sözügedən mövzuya toxunub. O, bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmiləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyini vurğulayıb.
Qeyd edib ki, indiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb:
“Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir. İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir.
Kənd təsərrüfatına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədəuyğun olardı. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümkündürsə, o zaman burada sənədləşmə ilə bağlı heç bir problem yaranmaya bilər”.
Millət vəkilinin sözlərinə görə, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacaq: “Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədəuyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqları tanına bilər. Bu, eyni zamanda fiskal ödənişlərin artırılması baxımından da vacibdir”.