Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) avqustun 21-də keçirilən özəlləşdirmə hərracının nəticələrini elan edib. Komitədən FED.az-a veilən məlumata görə, hərracda Ağcabədi rayonu, M.P.Vaqif küçəsində yerləşən mağaza 3 min 750 manata özəlləşdirilib. Mağazanın faydalı sahəsi 68 kv.m, torpaq sahəsi isə 702 kv.m olub.
“Aydınlıq” kinoteatrı da daha bir sifarişçini əmlak sahibi etdi. Gədəbəy şəhəri M.Quliyev küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 290 kv.m, satış qiyməti isə 7 min 500 manatdır.
Paytaxt ərazisində özəlləşdirilmiş qeyri-yaşayış sahələri Yasamal, Xətai və Nəsimi rayonlarında, digərləri isə Xızı və Sumqayıtda yerləşir. Ümumi faydalı sahəsi 547 kv.m olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşir. Əmlakın özəlləşdirilməsi sahibinə bu qeyri-yaşayış sahəsindən ofis və ya xidmət obyekti kimi istifadə imkanı verəcək.
Budəfəki hərracın iştirakçılarından 4-ü buraxılış tarixləri 2007 və 2008 olan Qaz və Fiat markalı avtomobillərə sahib oldular. Bu nəqliyyat vasitələri üçün ödənilmiş satış qiymətləri 1700 manat ilə 3700 manat intervalındadır.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 28 avqust tarixində keçiriləcək. Avqustun son hərracına ümumilikdə 91 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 34-ü kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan əmlaklar barədə bütün məlumatlar Özəlləşdirmə portalında (http://privatization.az) və Komitənin rəsmi saytında (http://emdk.gov.az) yerləşdirilir və mütəmadi olaraq yenilənir. Hərraca qatılmaq istəyən şəxslər portal üzərindən əmlakı seçib sifariş edə bilərlər.