“30 ildir yaşadığımız binadan qəzalı vəziyyətdə olduğu üçün çıxarıldıq. Verdikləri pul da ev almağa bəs etmir”.
Bakının bu ərazisində evlər söküləcək - Sakinlərə yeni mənzillər və kirayə pulu veriləcək
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu şikyatlə Bakının Xətai rayonu, Nobel prospektində yerləşən 80 nömrəli 2 mərtəbəli binanın sakini İbrahim Məmmədov müraciət edib.
65 yaşlı vətəndaş konpensasiya olaraq ona təklif olunan puldan razı deyil: “İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq gəldi ki, gərək binanı boşaldasınız. Binada təxminən 14 ailə yaşayır. Hamımız dedik ki, axı hara gedək? Biz evlə təmin olunmalıyıq. Bir neçə dəfə bizi çağırdılar və yaşadığımız mənzilin kvadrat metrini 1000 manat təklif etdilər. Sakinlərdən heç kim razılaşmadı. Mənim ailəmlə birlikdə yaşadığım mənzil 63 kv-dır. Axı o pulla haradan ev almaq olar?!
Bir müddət keçdikdən sonra yenidən çağırdılar. Bu dəfə isə kvadrat metrinə 1200 manat verəcəklərini dedilər. Yenə də razılaşmadıq. Daha sonra mənzilin kvadrat metrinə 1500 manat verə biləcəklərini bildirdilər. Amma mən yenə hesabladım gördüm ki, bu qədər pulla heç yerdən ev ala bilməyəcəyəm. Buna görə yenə də razılaşmadıq”.
İ. Məmmədovun sözlərinə görə, sakinlərin təklifi belə olub ki, ya yaşadıqları bina təmir edilsin, ya sakinləri yeni mənzillə təmin edilsin, ya da kvadrat metr 2000 manatdan hesablansın: “Bu dəfə də onlar razılaşmadı. Bir müddət sonra da artıq xəbərdarlıq gəldi ki, bütün komunallar kəsilir və 10 gün vaxt verilir, binanı boşaldın. Biz də məcbur qalıb binadan çıxdıq. Pulu da bizə elə 1500 manatdan hesablayıb verdilər. 6 nəfərdən ibarət ailə ilə qaldıq belə... İndi özümüz Hövsanda olan balaca evə yerləşmişik. Oğlum, qızım isə şəhərdə kirayə tutaraq yaşayırlar. Onların bizə verdiyi 100 min manatla isə ev tapa bilmirik. Tapdığımız evlər isə təmirsizdir. Bu da bizim büdcəyə uyğun gəlmir. Eşitdiyimə görə, bəzi sakinlərə kvadrat metrini 2000 manatdan hesablayıb veriblər. Bizə də bu qədər verilsəydi, normal ev tapıb ala bilərdik”.
Xətai Rayon İcra hakimiyyətindən bildirildi ki, həmin binadan çıxarılan bütün sakinlərə eyni məbləğ-1500 manatdan hesablanaraq ödəniş olunub: “Bina kəskin qəzalı vəziyyətdə idi. Nazirlər Kabinetinin qərarına görə təcili şəkildə sakinlər oranı boşaltmalı idilər. Çünki bina hər an çökə bilərdi. Əməkdaşlarımız gecə-gündüz həmin binanı nəzarətdə saxlayırdı. Sakinlər özləri də tez-tez müraciət edirdilər. Köçürülmə başladıqdan sonra da bu məsələ baş qaldırdı. Həmin binaya görə orada yaşayan sakinlərə kvadrat metri 1200 manatdan hesablanaraq ödəniş olunmalı idi. Lakin biz 1500 manatdan hesabladıq. Hamına eyni məbləğ ödənilib. Bundan əlavə heç nə ödənilməyəcək”.