Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən avqustun 28-də növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri olub.
Komitədən FED.az-a bildirilib ki, hərracda buraxılış tarixi 2007-ci il olan “BMW”, “Qaz” və “Fiat” markalı nəqliyyat vasitələri özəlləşdirilib. Qeyd edək ki, bu dövlət əmlaklarından biri hərracda rəqabətli mühit yaradıb. Belə ki, “Qaz-3102” markalı avtomobil uğrunda iki sifarişçi arasındakı mübarizə avtomobilin 1800 manat olan ilkin hərrac qiymətini 2 dəfəyə qədər artırıb. Hərrac qalibi 3 min 500 manat təklif edərək bu əmlakın sahibi olub.
Özəlləşdirilən dövlət əmlaklarından biri də Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən Beyləqan Yağ-Pendir Zavodudur. Bu obyektin ümumi faydalı sahəsi 2 min 795 kvadratmetrdir. İnvestisiya yatıraraq müasir standartlara uyğun yenidən qurulması zavodu sərmayəçi üçün gəlirli sahəyə çevirə bilər. Bölgədə yeyinti sənayesi sahəsində mövcud tələbatı təmin edəcək bu əmlak hərracda 33 min 688 manata özəlləşdirilib. Özəlləşdirilən qeyri-yaşayış sahələri isə paytaxt rayonlarında yerləşir. Yasamal rayonu, Z.Xəlilov küçəsindəki obyektin ümumi faydalı sahəsi 58,7 kvadratmetr, satış qiyməti 10 min manatdır. Bu obyekt sahibkara ictimai iaşə və məişət xidmətləri üzrə gəlir qazandıra biləcək. Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən digər bir qeyri-yaşayış sahəsinin faydalı sahəsi 24 kvadratmetr, satış qiyməti 3 min manatdır. Həmin əmlak kiçik biznes fəaliyyəti üçün uğurlu seçimdir.
Növbəti hərrac sentyabrın 4-də reallaşacaq. Ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyət, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.