Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarının çoxseçimli, sifariş prosedurlarının, iştirak qaydasının isə elektron formada olması hərraclara marağı artırır, prosesdə rəqabətli mühit yaradır. FED.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 avqust tarixində keçirilən hərracda daha bir neçə vətəndaş əmlak sahibi oldu. Bu dəfə kiçik dövlət müəssisəsi, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirildi. Hərracda 11 əmlak üzrə ümumilikdə 17 sifariş verilmişdir.
Rəqabətli hərrac mühiti Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki əmlak kompleksinin özəlləşdirilməsi zamanı yarandı. Ümumi faydalı sahəsi 46.4 kv.m olan dövlət əmlakının hərracı iki rəqib sifarişçinin iştirakı ilə baş tutdu. Əmlak kompleksinin 440
kv.m-lik torpaq sahəsi ilə birgə ilkin hərrac qiyməti 15 min manat təyin olunsa da, yüksək rəqabət satış qiymətini 2 dəfədən çox yüksəltdi. Belə ki, adıçəkilən dövlət əmlakı 36 min 500 manata özəlləşdirildi. Siyəzən şəhəri, H.Talıbov küçəsində yerləşən yarımçıq tikili isə 2 min kv.m-lik torpaq sahəsi ilə birgə 12 min manata özəlləşdirildi.
Hərracında rəqabət yaranan nəqliyyat vasitələrindən biri buraxılış tarixi 2009 olan Hyundai Sonata markalı avtomobildir. İlkin qiymət 10 min manat təyin olunmuş dövlət əmlakının hərracı 3 sifarişçinin iştirakı ilə keçdi. Sonda nəqliyyat vasitəsi üçün 12 min 800 manat təklif edən şəxs hərrac qalibi oldu.
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracı 3 sentyabr tarixində keçirəcək. Özəlləşdirməyə səhmdar cəmiyyəti və nəqliyyat vasitələri olmaqla ümumilikdə 55 dövlət əmlakı çıxarılıb. Hərraca qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına
(privatization.az) daxil ola bilər. Açıq və şəffaf hərraca istənilən şəxsin həm iştirakçı qismində qatılmaq, həm dә prosesi ziyarətçi olaraq canlı izləmək imkanı var.