Azərbaycanda dövlətə, banklara və digər şəxslərə borcu olan şəxslərin müsadirə edilmiş minlərlə əmlakı hərraclarda satılır. FED.az xəbər verir ki, belə əmlaklar müxtəlif formalarda – banklar tərəfindən və ya ixtisaslaşmış hərraclarda satışa çıxarılır. Belə hərraclardan biri olan - Azərbaycan Respulikası Xammal və Əmtəə Birjasında hazırda əmtəə birjasında Vergilər Nazirliyi, Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə bankların, fiziki və hüquqi şəxslərin əmlakları hərraca çıxarlıb. Bu əmlaklardan ən maraqlılarını təqdim edirik:
Qızıl-zinət əşyaları
İndiyədək birjada hərraca 134 qızıl və zinət əşyaları çıxarlıb və artıq onların bir hissəsi satılıb, qalanları satışdadır. Ümumilikdə hərracda satılmayan 915 qram qızıl var ki, onun da ümumi qiyməti 36 912 mantadır. Ən bahalı satılmayan qızılın çəkisi 632 qram, qiyməyi 22 200 manatdır – bu qızıl məhkəmə qərarı ilə satışa çıxarılıb. Ən ucuz zinət əşyası isə 6 qramdır və 192 manata satılır. Maraqlıdır ki, hər iki qızıl əşyası Gəncədə müsadirə edilib.
Obyektlər
Qızıl və zərgərlik mallarından başqa hərracda 3590 ədəd daşınmaz əmlak da satışa çıxarılıb. Onların bəziləri satılıb, digərləri isə hələ satışdadır. Satışda həyət və bağ evləri, torpaq sahəsi, eyni zamanda obyektlər var.
Qiyməti 9 min manatdan başlayan obyektlər
Hərracda indiyədək 466 obyekt satılıb. Satışda olan ən bahalı obyekt “Fındıq yetişdirilməsi və emalı” kompleksidir. «Aqrarkredit» QSC tərəfindən satışa çıxarılan bu obyekt əvvəlcə 37 milyon 744 min manata təklif edilib, alıcı olmadığına görə, qiymətlər 25% azaldılaraq 28,3 milyon manata endirilib.
Ən ucuz obyekt isə Goranboy şəhəri, H.Əliyev küçəsində 0,4 sot sahədə yerləşən qeyri yaşayış binasıdır (mağaza), onun qiyməti 9562 manat olub.
Mənzillər – 4500 manatdan başlayır
Hərraclarda aktiv satılan əmlaklardan biri də mənzillərdir. İndiyədək müxtəlif qurumlar tərəfindən müsadirə edilən 1089 mənzil satışa çıxarılıb. Ən bahalı mənzil Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 4 nömrəli evin, 5 nömrəli mənzilidir (4 otaq), qiyməti 810 min manat olub.
Ən ucuz mənzil Goranboy şəhəri, Civəzadə küçəsində yerləşən 17 nömrəli binanın, 12 nömrəli mənzildir və qiyməti 4462 manatdır. Hazırda satışdadır.
Sotu 25 manatdan torpaq sahələri
Əmlak hərraclarında torpaq sahələri də satılır – indiyədək 244 sahə satışa çıxarılıb. Qəribə də olsa, hərraca çıxarılan torpaq sahələri arasında həddən artıq bahalı olduğu kimi, çox ucuz torpaqlar da var.
FED.az xəbər verir ki, ən ucuz torpaq sahələri Göygöl rayonunda satışdadır. Burada Hacıməlik qəsəbəsində yerləşən 7,8 sot torpaq sahəsinin 6-da biri, yəni 1,3 sot torpaq 52 manata (yəni sotu 40 manata) təklif edilir. Eləcə də, 20 sot torpağın 6-da bir hissəsinin qiyməti 75 manata, yəni sotu 25 manata satışa çıxarılıb.
Ən bahalı torpaq sahəsi isə Şəmkir rayonu, Yenihəyat kəndində yerləşən 1 hektar 83 sot torpaq sahəsidir ki, onun qiyməti 685 min 623 manatdır və hazırda hərracda satışdadır.
Həyət evləri – 2 min manatdan başlayır
Hərraclarda ən çox satılan əmlaklardan biri də həyət evləridir. FED.az xəbər verir ki, indiyədək hərraclara 1638 həyət evi çıxarılıb. Ən ucuz fərdi yaşayış evi, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 6 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evidir (2 mərtəbə, 3 otaq, 54,5 kv.m y/s) - qiyməti 2000 manatdır.
Ən bahalı fərdi yaşayış evi, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi 38 saylı fərdi yaşayış evi (2 mərtəbə, 5 otaq) qiyməti 800 min manat olub.
Bağ evləri – 3600 manatdan başlayır
Hərraclarda digər əmlaklar qədər olmasa da, bağ evləri də satılır. İndiyədək hərraclara 82 bağ evi çıxarılıb. Ən ucuz bağ evi, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsində 340b saylı bağ sahəsinin 2.8 sotluq bir hissəsi olub ki, onun da qiyməti 3600 manat olub.
Ən bahalı bağ evi Sabunçu rayonu, Pirşağı qəsəbəsi 58t saylı bağ evidir ki, qiyməti 500 min manatdır və hazırda hərracdadır.
25 manata torpaq, 4,5 min manata mənzil – HƏRRACDA NƏ SATILIR?
15:16
8 Avq 2018