2024-cü ilin yanvar-iyun ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına 230,2 milyon manat həcmində ipoteka krediti verilmişdir ki, onun da 64,6 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.
Azərbaycan banklarının ipoteka kredit portfeli 15% böyüyüb
Bu barədə FED.az-a Fonddan bildirilib.
Məlumata görə, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
İyul ayının 1-nə olan məlumata görə, 2024-cü ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 91000 manat təşkil edib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 iyul 2024-cü il tarixinə Fond tərəfindən 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.
Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.