Azərbaycan da ipoteka kredit verən bankların və qiymətləndirici şirkətlərin nümaynədələri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinə gəlib buradakı şəraitlə tanış olublar. MİDA-nın məlumatına görə, tədbirdə sosial mənzillər nümayiş edtjirilib və burada istifadə olunan inşaat materialları və təmir növləri haqqında məlumat verilib.
Tədbirdə bildirilib ki, 29 binadan ibarət olan kompleksdə indiyədək 21 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. lk mənzillər vətəndaşlara bu ilin yayında təhvil veriləcək.
Artıq Yasamal Yaşayış Kompleksinin ilk 4 binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
Tədbirdə iştirak edən qonaqlar mənzillərin təmirinin keyfiyyətlə aparıldığını qeyd ediblər və bildiriblər ki, Yasamal Yaşayış Kompleksində gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şərait yaradılıb.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan “Azər-Türk Bank” və digər bankların təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.
MİDA bildirir ki, apredin 6-dan etibarən agent bankların filiallarında 2000-dən çox vətəndaşa xidmət göstərilərək güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb və ətraflı məlumat verilmişdir.