Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
FED.az xəbər verir ki, birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır.
Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.
Bu kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, ikinci mərhələdə daha çox evlər tikiləcək.
Evlərdə, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, bazar kompleksi var. Kənd əhlalisin əkin üçün yerlər də ayrılacaq. Prezident İlham Əliyevin göstərişi ilə sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə 12 sotdur. Orada da əkib-becərmək mümkündür.
Kəngərli kəndi azad edilmiş ərazilərdə bərpa edilən sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci: “Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış - hamınız birlikdə bu bölgəni - Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq”-deyə prezident sakinlərə bildirib.