Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilib.
ELƏCƏ DƏ BAX: İpoteka kreditləri ilə bağlı yenilik – FƏRMAN
FED.az-ın məlumatına görə, görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, 2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consalting Group” şirkətini əməkdaşlığa cəlb edib. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılımış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib.
Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanmış və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub. Samir Nuriyev tender komissiyasında Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakını yüksək qiymətləndirdi. Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunması planlaşdırılır. Daha sonra Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsi başlayacaq.
Ötən il, həmçinin, Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılıb, Biləsüvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir.
Eyni zamanda, Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir şəhərlərinin baş plan layihələrinin hazırlanmasına start verilib.
Samir Nuriyev, Komitəyə iş adamları tərəfindən baxılmaq üçün təqdim olunan yeni şəhərsalma layihələrinin müvafiq qanunvericiliyin tələblərinə cavab verməsi baxımından dəyərləndirilməsi işinin təşkili barədə də məlumat verib. Komitənin bu istiqamətdə işinə və, eyni zamanda, Dövlət şəhərsalma nəzarəti çərçivəsində fəaliyyətinə toxunan sədr ərazi planlaşdırılması sənədlərinin və memarlıq həllərinin işlənməsində ilk növbədə layihəçilərin böyük məsuliyyətini vurğulayıb. O qeyd edib ki, layihələndirmə sahəsində işin keyfiyyəti artırılmalı, şəhərsalma normalarına və müvafiq qanunvericiliyin bütün tələblərinə riayət olunmaya ciddi nəzarət edilməlidir.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək memarlarla görüşün təşkilinə görə Komitənin rəhbərliyinə minnətdarlığını bildirib və bu iclası hər iki qurum arasında gələcək məhsuldar əməkdaşlığın başlanğıcı kimi dəyərləndirdiyini qeyd edib.
O, vurğulayıb ki, sıralarında ölkənin aparıcı peşəkarlarını cəmləşdirən Memarlar İttifaqı tərəfindən Komitənin fəaliyyətinə hərtərəfli dəstək göstəriləcək, Azərbaycanın dövlət siyasətinə uyğun olaraq paytaxt və digər şəhərlərinin sistemli və dayanıqlı inkişafının təmin olunmasında iştirak etmək məqsədilə qurumun və üzvlərinin bütün potensialı səfərbər olunacaq.
10 şəhərin baş planından - SON XƏBƏR
19:20
15 Yan 2019