Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqqı təsdiq edilib.
FED.az xəbər verir ki, bununla bağlı Xidmətin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
İclas Zəngilan rayonunda, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə baş tutub.
İclasda Şuranın üzvləri - iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin I müavini Namiq Hümmətov da iştirak ediblər. Müzakirələr nəticəsində “Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əmək haqları təsdiq edilib. Xidmətin icraçı direktoru Şuranın təyin etdiyi Növrəs Qəhrəman oğlu Cəfərovdur.
Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi ilə bağlı prioritet məsələlər və inkişaf strategiyası müzakirə olunub. Sonda verilən tapşırıqların vaxtında və tam icra olunması əsas tələb kimi qoyulub və növbəti iclasın tarixi müəyyən edilib.