Dünyanın ən böyük video paylaşma saytı olan «YouTube»un sahibi - «Google» şirkəti onu alış-veriş platformasına çevirmək niyyətindədir. FED.az xəbər verir ki, hazırda «YouTube» servisi yeni funksiyaların sınaqlarına başlayıb. Bu funksiyalar vasitəsilə kanaldakı videolarda göstərilən məhsulları birbaşa almaq mümün olacaq.
Daha sadə desək, «YouTube»dakı hər hansı videorolikdə nümayiş etdirilən məhsulları bir düymə ilə almaq mümkün olacaq. Bu barədə «Bloomberg» öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, «YouTube» rolik sahiblərinə təklif edib ki, bununla bağlı xüsusi proqram təminatını çınaqdan keçirsinlər.
Bu proqram «Google»un analitika və satış alətləri ilə əlaqələndiriləcək. Nəticədə YouTubeda-kı videolar həm də malların kataloqu kimi istifadə ediləcək. Və izləyicilər buradakı malları birbaşa olaraq, yəni Amazon və ya başqa saytlara keçmədən ala biləcəklər.
«YouTube»un nümayəndəsi belə sınaqların aparıldığını təsdiqləyib. Bu alınsa, «YouTube» internet ticarətin iri oyunçuları – «Amazon» və «Alibaba» ilə rəqabətə girə biləcək. Hər halda «YouTube»da belə düşünürlər.