YouTube.com günümüzdə ən çox izlənilən, gənclər arasında televizordan daha çox məşhur olan sosial şəbəkə platformasıdır. Daim “YouTube”-dan istifadə edən insanlar sonra buradan pul qazanmağa maraq göstərirlər. Azərbaycanlı yutuber Elvin Hüseynov bu platformadan pul qazanmağın yollarından danışıb.
“YouTube”-dan necə pul qazanmaq olar?
- “YouTube”-dan pul qazanmağın növləri çoxdur. “YouTube”-la partnyor olduqda “YouTube Adwords" sistemi ilə sizin "Adsense" hesabınıza bağlı olan kanallara reklam verir. Reklam verəndən aldığı məbləğin təqribi 40-50 bəzən də 60 faizini özünə, qalanı isə bizim "Adsense" hesabına yönləndirir. Gələn məbləğ 100 dolları keçdikdə, növbəti ayın 22-si bank hesabına göndərilir. Pul qazanmaq üçün digər variant birbaşa sponsor tapmaqdır. Hər hansı məhsul və ya xidməti reklam edərək, reklam verənlə birbaşa əlaqə qurub qazanc əldə etmək olur. Legal yollardan başqa bir çox qeyri-legal yollar da mövcuddur. Bu gün Azərbaycanda bu sahəyə izləyici tələbatı olsa da, yetərincə marketinq işləri aparılmadığından bir çox kanallar çətinlik çəkir. Bəziləri kanalı bağlayır, bəziləri də sırf iş kimi yox, hobbi kimi məşğul olur. Digər bir səbəb bazardakı rəqabətin zəif olmasıdır. Bütün bu səbəblər sahədən pul qazanmağa mənfi təsir göstərir.
“YouTube” üçün Azərbaycanla dünya arasında qiymət fərqi var?
- Azərbaycanlı yutuberlərin türk, rus və ingilis dilində kontent hazırlamağa məcbur edən ən böyük səbəb Azərbaycan dilində olan kontentə “YouTube”-un Avropa və Amerika izləyicisinə nisbətdə 10 dəfəyədək az qazanc verməsidir. Misal üçün Azərbaycanda 1milyon izlənməyə ortalama 200-300 manat arası qazanc verirsə, bu izlənmə ingilis dilində olan izləyicidən gələrsə 2000-5000manat olur.
“YouTube”-dan əldə olunan gəliri necə artırmaq olar?
- Gəliri artırmaq üçün ingilis və rus dilində, bacarmırsa, ən azı türkcə kontent hazırlanmalıdır.
Azərbaycanda “YouTube”-da fəallıq necədir?
- Azərbaycanda fəalliq yuxarıda qeyd etdiyim səbəblərə görə çox zəifdir. Bütün bu sadalananlar birbaşa təsir göstərir. Fəallıq göstərib yenilik etmək istəyənlər bir müddət sonra qazanc olmadığını görüb uzaqlaşırlar. Normal bir kanalın açılması üçün normal kamera, montaj kompüteri lazımdır. Bunlar hamısı ciddi xərcdir. Azərbaycanda normal kontent hazirlayanlar gəlir az olduğundan dolayı yola əl atıb Rusiya və Türkiyədə qeydiyyatdan keçib kanal yaratmağa üstünlük verirlər.
Azərbaycan istifadəçisi daha çox hansı səpkili videolara baxır?
- Azərbaycan izləyicisini konkret olaraq kateqoriyaya bölmək doğru deyil. İzləyici öz yaş qrupuna uyğun kontentə baxır. Cinayət hadisələri, şou dünyası, erotik mövzular həmişə trenddə olur.
Bəzi insanlar daha çox gəlir əldə etmək üçün övladlarını da ekran qarşısına çıxarırlar. Buna münasibətiniz necədir?
- Əgər uşağın bu işə marağı olmasa, mümkün olmaz yəqin. Deməli övladının həvəsi və istəyi varsa, həmçinin izləyici də bəyənirsə, fikrimcə, normaldır. Əgər “YouTube”-un azyaşlı izləyicisi varsa, azyaşlı yutuberi də olmalıdır ki, izləyici özünə, yaşına uyğun kontent tapa bilsin.