Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbiyev “Azərkosmos” ASC-nin sədri vəzifəsindən azad edilərək nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Eləcə də bax: “Azərkosmos”un sədri - Nazir Oldu
FED.az Banker.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü R.Nəbiyev 1994-2000-ci illərdə Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
1997-2000-ci illərdə isə Azərbaycan Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb. 2002-2004-cü illərdə Mərkəzi Bankın Bazar əməliyyatları departamentində, 2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
Prezident İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən, “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilmişdi.