Azərbaycanda yeni dələduzluq forması yayılıb.
"Hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta saytlardan ehtiyatlı olun - DİN
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir qrup şikayətçi “PashaPay” MMC-nin təqdim etdiyi elektron pulqabı olan “m10” mobil tətbiqindəki hesablarından külli miqdarda pulun oğurlandığını bildirib.
Şikayətçilərdən Hilal Yusifov və Xətai Əsgərli qeyd edib ki, instaqram sosial şəbəkəsində “m10”un rəsmi səhifəsinə bənzəyən saxta səhifələrdə (m10aile, m10la və s.) paylaşılan “şans lotereyasında” iştirak ediblər. Hesablarındakı pullar da bundan sonra oğurlanıb: “Bizə yönləndirilən saytlara (m10aile.com, m10la.com və s.) daxil olub müvafiq məlumatları (mobil nömrə və OTP kod) daxil etdiyimizə görə, kibercinayətkarlar həmin məlumatları əldə edib m10 hesablarımıza daxil olaraq pulları əsasən digər m10 hesablarına və ya hər hansı bank hesablarına köçürdük. Hazırda ümumi 28 şəxs zərərçəkmiş kimi daxili işlər orqanlarına müraciət edib. Ümumi məbləğ 18 418 manat təşkil edir. Lakin bu say ümumi zərərçəkmişlərin çox az bir qismini təşkil edir”.
S.Şirinov əlavə edib ki, yerli polis idarələrinə etdikləri müraciətlərin hələ ki, nəticəsi yoxdur: “Kibercinayətkarlar tutulmayıb və onlar fəaliyyətlərini sərbəst davam etdirirlər. Artıq toplanaraq 28 zərərçəkmiş adından DİN-in Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət ünvanlamışıq”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır: “Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadığı şəxslərə və etibar etmədiyi şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır”.
Qeyd edək ki, bir müddət əvvəl “m10” MMC də rəsmi məlumat yayaraq müştərilərini dələduzluq faktları ilə bağlı xəbərdarlıq etmişdi. Şirkət vətəndaşları şəxsi məlumatlarını paylaşmamağa çağırmışdı. Eyni zamanda qeyd edilmişdi ki, “m10”un təmsilçilərinin belə müştərilərin heç bir şəxsi məlumatını soruşmaq kimi hüququ yoxdur.