Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən Ağdaş rayonunda aparılan nəzarət tədbirləri çərçivəsində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi – Qarabəy karvansarayının fasadında yerləşdirilmiş texniki tələblərə uyğun olmayan, estetik görünüşü pozan reklam daşıyıcıları demontaj edilib.
FED.az xəbər verir ki, ADRA-nın Bərdə Regional Reklam İdarəsinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində tarixi binada ümumilikdə 27 sahibkarlıq subyektinə məxsus 57 reklam daşıyıcısı sökülüb.
Tarixi binanın reklam mühitinin tənzimlənməsi məqsədilə ADRA tərəfindən karvansarayın 3D bərpa modeli və yeni reklam yerləşdirmə konsepsiyası hazırlanıb. Sahibkarlara reklam qurğularının tələblərə uyğun şəkildə yerləşdirilməsi üçün tövsiyələr verilib və yeni eskizlər təqdim edilib. Qeyd edək ki, Ağdaş şəhərində yerləşən tarixi karvansarayın fasadındakı reklam daşıyıcılarının vahid üsluba uyğunlaşdırılması ilə bağlı layihə ADRA tərəfindən digər aidiyyəti qurumlara da təqdim olunub.
















