Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock” zəngli saatını təqdim edib.
FED.az xəbər verir ki, qurğu mahiyyət etibarilə ənənəvi zəngli saat və “ağıllı” dinamik hibrididir. İstifadəçilər səsli əmrlər vasitəsilə bu və ya digər informasiyanı (məsələn, hava proqnozunu, yollardakı vəziyyəti, aktual xəbərləri və s.) əldə edə biləcəklər.
“Ağıllı” zəngli saatla “Mijia App” mobil proqramının köməyilə məsafədən əlaqə yaratmaq mümkündür. Həmçinin müxtəlif bildiriş və xatırlatmaların göstərilməsi dəstəklənir. Bundan başqa, yeni qurğunu “ağıllı” məişət cihazları, məsələn, qoşulmuş hava təmizləyiciləri, kondisionerlər və s. ilə birgə iş üçün istifadə etmək olar.
“Ağıllı” zəngli saat müxtəlif mövzuları səsləndirərək ev sahiblərinə iş günündən sonra dincəlməyə kömək edəcək. Yeni qurğu ənənəvi funksiyaları da yerinə yetirir – vaxtı göstərir və istifadəçilərin yuxudan ayılması üçün siqnallar verir.
Sentyabrın 28-dən etibarən satışa çıxarılacaq “Xiao AI Smart Alarm Clock” zəngli saatının təxmini qiyməti 20-25 dollardır.