“WhatsApp” messenceri “Novi” (“Meta”ya məxsus olan rəqəmsal cüzdan) ilə inteqrasiya yolu ilə az sayda ABŞ istifadəçisi üçün ani kriptovalyuta ödənişləri xidmətini işə salıb.
Eləcə də bax: Bu telefonlarla artıq “WhatsApp”a daxil ola bilməyəcəksiniz - Siyahı
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, pilot proqram tətbiq vasitəsilə insanlara “Paxos Dollar” (USPD) kriptovalyutasından istifadə edərək “dərhal, təhlükəsiz və komissiyasız” pul göndərmək və qəbul etmək imkanı verir.
“WhatsApp” vasitəsilə pul göndərmək üçün “Novi” sistemindən istifadə sayına məhdudiyyət yoxdur. İstifadə tezliyindən asılı olmayaraq, hesabdakı balansın saxlanması və ya karta çıxarılması ilə bağlı komissiya tutulmur. Bundan əlavə, “Novi”nin messencerə daxil edilməsi şəxsi mesajların şifrələnməsinə heç bir şəkildə təsir göstərmir.
Xatırladaq ki, “WhatsApp” artıq Hindistan və Braziliyada da ödəniş sistemlərini təklif edir, lakin onlar kriptovalyutadan deyil, ənənəvi valyutalarla işləyir.