Son dövrlər müxtəlif ölkələrdə uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyətlərinin tətbiqi bu sahədə maraqlı yeniliklərə səbəb olub.
FED,az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq uşaqlar çəkilmiş bığlardan istifadə edərək onlayn yaş təsdiqləməsini keçməyi öyrəniblər.
Araşdırma göstərir ki, bir çox süni intellekt sistemi makiyajı yetkinlik əlamətləri ilə səhv salır.
Britaniyada uşaqlar çox sadə bir hiylə ilə - makiyaj qələmi ilə çəkilmiş bığla - kütləvi şəkildə onlayn yaş təsdiqləmə sistemlərini keçməyə başlayıblar. Britaniyanın qeyri-kommersiya təşkilatı olan «Internet Matters» tərəfindən aparılan bir araşdırma göstərib ki, bəzi yaş tanıma alqoritmləri bu makiyajı səhv salır və nəticədə yetkinlik yaşına çatmayanların onlara qadağan olunan saytlara daxil olmasına icazə verir.
Təşkilat uşaqlar arasında yaş həddinin necə yoxlanması barədə sorğu keçirib. Mindən artıq uşağın iştirak etdiyi sorğuda iştirakçıların təxminən yarısı bu cür sistemlərdən yayınmağın o qədər də çətin olmadığını bildirib.
Ən qeyri-adi nümunələrdən biri bığ və saqqal çəkməkdir. Sorğu iştirakçılarının fikrincə, bu metod "dəfələrlə işləyib".
Tədqiqatçılar həmçinin digər yayınma üsullarından da bəhs edirlər. Bəzi uşaqlar kameraya "böyüklər" video oyun personajlarını göstərir və ya sadəcə qeyri-adi üzlər yaradırdılar ki, bu da sistemlərin onları səhvən yetkin kimi müəyyən etməsinə səbəb olurdu.
Son dövrlər internetə girişlə bağlı yaş təsdiqləmə qanunlarının tətbiqi fonunda bu üsullar daha sürətlə yayılır. Bir çox ölkələrdə istifadəçilərdən yetkin veb saytlarına daxil olmaq üçün yaşlarını sübut etmələri tələb olunur - çox vaxt pasport, sürücülük vəsiqəsi və ya selfini üçüncü tərəf identifikasiya xidmətlərinə yükləməklə.
Oxşar qanunlar artıq ABŞ ştatlarının təxminən yarısında, eləcə də yaş təsdiqləməsinin qlobal tətbiqinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilmiş Böyük Britaniyada mövcuddur.
Yeni tələblərə görə, böyük texnologiya şirkətləri xidmətlərini dəyişdirməyə başlayıblar. Belə ki, «Apple» yeni qaydalara uyğunlaşmaq üçün yeniləmələr yayımlayıb, «Meta» və «Reddit» isə istifadəçinin görünüşünə əsaslanan sənəd yoxlaması və yaşa əsaslanan alqoritmlərin kombinasiyasından istifadə edir. Digər tərəfdən, «Discord» istifadəçi tənqidləri və məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlardan sonra bir neçə funksiyanın istifadəsini təxirə salıb.
"Boyalı bığ" keysi həm də dünyada mövcud olan alqoritmlərin o qədər də təkmil olmadığını göstərir: bu qədər böyük investisiya yatırılan müasir sistemləri belə primitiv üsulla aldatmaq mümkün olur.













