Türkiyə Bayraktar TB3 hücum pilotsuz təyyarəsini 2-ci dəfə uğurla sınaqdan keçirib.
FED.az xəbər verir ki, bu dəfə pilotsuz təyyarə dörd saat uçub.
Türkiyənin “Baykar” texnologiya şirkətinin İdarə Heyətinin sədri Səlcuk Bayraktarın sözlərinə görə, PUA qısa uçuş zolağı olan gəmilərdə havaya qalxıb enə bilir. Qurğu Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmanın flaqmanı olan universal təyyarə daşıyan “Anadolu” desant gəmisində yerləşdirilmək üçün nəzərdə tutulub.
Pilotsuz aparatın çəkisi 1,5 ton, yükgötürmə qabiliyyəti təxminən 500 kq-dır. Qanadları 14 metr, uzunluğu 8,35 metrdir. Pilotsuz təyyarə 1,8 min km məsafəyə uça bilir və 24 saat fasiləsiz olaraq havada ola bilir.
Bu dron uzun məsafələrdə idarə oluna bilər ki, bu da həm kəşfiyyat, həm də müşahidə və zərbə missiyalarında kömək edə bilər.
Bayraktar TB3-ün ilk uçuşu bir həftə əvvəl uğurlu olub. İlk dəfə 2023-cü ilin aprelində İstanbulda keçirilən TEKNOFEST aerokosmik sərgisində təqdim edilib.