Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini məhz ağıllı şəhərlər təşkil edəcək.
FED.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər hər şey rəqəmsallaşır. “Ağıllı şəhər” konsepti həyatımıza çoxsaylı üstünlüklər gətirir: nəqliyyat infrastrukturu, enerji təchizatı, rabitə sistemləri, su təminatı, ictimai xidmətlər - hamısı daha səmərəli, çevik və rahat idarə olunur. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfdir.
"“Ağıllı şəhərlərdə kibermüharibə”: - virtual müdafiə və hücum ssenarilərinin simulyasiya olunması, kritik informasiya infrastrukturlarının pozulması risklərinin praktiki təhlili, onların qarşısının alınması bacarıqlarının sınaqdan keçirilməsi və böhran vəziyyətində sistemlərin idarə olunmasıdır", - deyə Tural Məmmədov deyib. (Apa)