Texnologiyalar və innovasiyalar üzrə regionun lideri olan Azərbaycan bizim üçün mühüm bazardır. Bizim Azərbaycanla bağlı böyük planlarımız var.
Erdem İnan: "Trendyol" Azərbaycanda müştəri sayını 3 milyona, dövriyyəni isə 3 milyarda çatdıracaq
FED.az xəbər verir ki, bu sözləri “Trendyol Group”un baş direktoru Erdem İnan “PASHA Holding”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən 4-cü “INMerge Innovation Summit”də deyib.
Erdem İnan vurğulayıb: “Azərbaycanın regionda texnologiya və innovasiyalar sahəsində lider mövqeyinin əyani göstəricisi “INMerge İnnovation Summit” kimi irimiqyaslı tədbirin keçirilməsidir.
İnnovasiya gündəlik həyatımızı, o cümlədən iş tərzimizi, müştərilər və tərəfdaşlarla qarşılıqlı əlaqəmizi dəyişdirir. Generativ süni intellekt, dərin öyrənmə alqoritmləri və zəngin dil modelləri kimi yeni texnologiyaların meydana çıxması ilə adi iş prinsiplərinin transformasiyası baş verir”.
Baş direktor qeyd edib ki, bu gün şirkət Azərbaycan əhalisinin 20 faizinə xidmət göstərir və ekosistemin inkişafına daha çox sərmayə qoymağa hazırdır: O əlavə edib: “Bizim üçün ölkə bazarına çıxmaq təkcə məhsul satışı deyil, həm də biznesin genişləndirilməsi və inkişafı, rəqəmsal ekosistemin təkmilləşdirilməsidir. Biz başlanğıcdan bəri həyata keçirdiyimiz bütün təşəbbüslər vasitəsilə iqtisadiyyata müsbət təsir göstərməyə çalışmışıq. Həmçinin maliyyə institutları, banklar, logistika şirkətləri, təsir göstərənlər, agentliklər, dövlət orqanları və KOM-larla əməkdaşlıq edirik. Məqsədimiz real müsbət təsir yaratmaq və ölkənin rəqəmsal iqtisadiyyatının formalaşmasına kömək etməkdir”. (Azərtac)