Xatırladaq ki, aprelin 29-da Türkiyədə keçirilən «TEKNOFEST» tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” Azərbaycanın aparıcı biznes qrupu olan “PAŞA Holding” ilə müqavilə bağlayıb.
FED.az xəbər verir ki, müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
«Trendyol» Qrupunun prezidenti Çağlayan Çetin bildirib ki, “Trendyol” özünün texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsini “PAŞA Holding”in Azərbaycan bazarında olan təcrübəsi ilə birləşdirəcək.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov isə bildirib ki, bu müqavilə istifadəçilərə daha geniş məhsul çeşidinə daha sərfəli qiymətlərlə asan çıxış təmin edərək müştəri təcrübəsini yaxşılaşdıracaq. «Eyni zamanda, platforma daxilində ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi digər maliyyə xidmətləri və loyallıq proqramları da buraya əlavə olunacaq ki, bu da ümumi maliyyə sağlamlığına da töhfə verəcək».
Qeyd edək ki, «Trendyol» Türkiyə şirkəti olsa da, Azərbaycanın e-ticarət sektorunda böyük yer tutur. 2022-ci ildə Azərbaycan “Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub.
İndi isə “Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
Trendyol-un Azərbaycana gəlişi, Trendyol və PAŞA Holdinq arasında anlaşma Azərbaycan e-ticarət ekosisteminə necə təsir edəcək? PAŞA Holdinq e-ticarət ekosistemində hökmran mövqeyə sahib olacaqmı?
FED.az xəbər verir ki, İKT sektoru üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bununla bağlı gözləntilərini paylaşıb.
Ekspert hesab edir ki, Trendyol-un Azərbaycana gəlişi çoxdan gözlənilirdi, amma PAŞA Holdinqlə anlaşma çərçivəsində gəlişi bir az gözlənilməz olub.
Ötən günlər bu iki qurum İstanbulda keçirilən TEKNOFEST çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalayıblar.
Bu gəliş və anlaşma Azərbaycan bazarına necə təsir edəcək?
1. Trendyol kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər
2. Amma dərhal da qeyd edim ki, yalnız Trendyol-a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək.
Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər. Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı.
Əslində, digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi
3. Düşünürəm ki, nisbətən böyük karqo şirkətlərimiz, Trendyol-dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər.
PAŞA Holdinqin bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlıq da bu karqo şirkətlərin gələcək taleyində mühüm rol oynayacaq
4. Düşünmək olar ki, e-ticarət ekosistemində PAŞA Holdinqin , onun e-ticarət platforması olan Umico-nun xüsusi çəkisi artacaq. PAŞA Holdinq bu bazarda nəhəng oyunçuya çevriləcək. Güman ki, Trendyol üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi PAŞA Bankın ödəniş sistemi ilə reallaşacaq. PAŞA Holdinq və Trendyol anlaşmalarının Umico-nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu da olan Umico daha geniş müştəri bazası əldə edə biləcək və s.
Bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər. PAŞA Holdinq son zamanlar yeni ödəniş sistemləri də formalaşdırıb. Güman ki, Trendyol Yemək və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq.
Qısası, gözləmək olar ki, bu cür davam etsə, PAŞA Holdinq Azərbaycanın karqo, fintex və e-ticarət sektorunda hətta hökmran mövqeyə sahib olsun.
Belə olan halda isə Holdinq antiinhisar qanunvericiliyin perimetrinə daxil olacaq. Yeri gəlmişkən, bu sövdələşməyə Antiinhisar Dövlət Xidmətinin də münasibəti maraqlıdır
5. Əsas məsələ odur ki, görəsən Trendyol-un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər necə olacaq ?
Düşünmək olar ki, Trendyol.com-a daxil olmaq istəyənlər Trendyol.az -a yönləndiriləcək, görəsən vətəndaşlarımız burada əvvəlki qaydada sərfəli olan köhnə qiymətlərlə rastlaşacaqlar , yoxsa Trendyol Azərbaycan bazarı üçün yeni, baha qiymətlər müəyyən edəcək ?
Anlaşmanı imzalayan PAŞA Holdinq rəhbəri Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını da bildirib.
Amma Azərbaycan bazarında olan bəzi brendlərin Trendyol vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik.
Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq.