Donald Trampa məxsus Trump Organization yeni bir mobil rabitə xidməti ilə bazara daxil olduğunu elan edib.
Azərbaycan smartfonu hansı ölkədən neçəyə alır - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, T1 Phone by Trump Mobile adlanan bu xidmət istifadəçilərə aylıq 47.45 dollara limitsiz zəng, mesaj və internet təklif edəcək. Xidmətin təqdimatı Trampın ilk prezidentlik kampaniyasının 10 illiyi ilə eyni vaxta təsadüf edib və plan “47 Plan” adlandırılıb – bu adlandırma Trampın ABŞ-ın 47-ci prezidenti olmasına istinaddır.
Şirkət eyni zamanda ABŞ-da istehsal olunacaq 499 dollarlıq T1 Phone modelini də satışa çıxaracağını bildirib. Telefon qızılı rəngdə olacaq, üzərində “Make America Great Again” şüarı yer alacaq və 256 GB yaddaş, 12 GB RAM, barmaq izi və üz tanıma texnologiyası ilə təchiz olunacaq.
Eric Trump, Trump Organization-un icraçı vitse-prezidenti olaraq Fox Business kanalına verdiyi açıqlamada bildirib ki, bu təşəbbüs Amerikada iş yerlərinin artırılması və yerli istehsalın təşviqi məqsədilə həyata keçirilir. Onun sözlərinə görə, “Biz telefonları amerikalılar üçün amerikalılar tərəfindən istehsal edəcəyik və bazarda ciddi dəyişiklik yaradacağıq.”
Bu layihə həm də Apple şirkətinə qarşı təzyiqlərin artırılması fonunda təqdim olunub. Donald Tramp ötən ay bəyan edib ki, əgər Apple istehsalını ABŞ-a qaytarmasa, şirkətin məhsullarına 25%-lik idxal vergisi tətbiq olunacaq. Analitiklər bildirirlər ki, əgər iPhone-lar ABŞ-da istehsal olunsa, onların qiyməti təxminən 3500 dollara qədər arta bilər.