Bu gün Azərbaycanda poçt rabitəsinin yaranmasından 204 il ötür. Bu o deməkdir ki, Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt”un 204 yaşı tamam olur.
Eləcə də bax: “Azərpoçt”un idarəetmə forması - DƏYİŞİB
FED.az “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovla müsahibəni təqdim edir
- Əfqan müəllim, “Azərpoçt” bu gün hansı yeniliklərlə çıxış edir?
- Əminliklə deyə bilərik ki, bugünkü “Azərpoçt” beynəlxalq təcrübəyə tam uyğunlaşma mərhələsində olan bir poçt operatorudur və buna müvafiq olaraq real işlər görülür. Bu gün dünyanın aparıcı poçtları artıq universal poçt xidmətləri göstərməklə kifayətlənmirlər. Bu da təbiidir. Dünya, zaman və proseslər sürətlə dəyişdiyi üçün insanların tələbləri də dəyişir. Əgər əvvəllər məktub kimi kommunikasiya vasitəmiz və buna müvafiq xidmətimiz var idisə, indi bu xidmət daha çox dövlət və qeyri-dövlət təşkilatları üçün aktualdır. Belə olduğu halda hər bir qurum, biznes müasir dövrə uyğunlaşma yolunu seçir. Biz də eyni addımı atdıq. Əgər əvvəlki dövrlərdə “Azərpoçt” sadəcə universal poçt və maliyyə xidmətləri həyata keçirirdisə, indi əlavə olaraq 3 fərqli istiqamətdə də fəaliyyət göstərir.
- Əfqan müəllim, həmin istiqamətlərə keçməmişdən əvvəl bizi maraqlandıran bir sualı vermək istərdim: “Azərpoçt”un son illər zərərlə işlədiyini bilirdik. Bunun aradan qaldırılması üçün nə kimi tədbirlər gördünüz?
- Doğru vurğuladınız. Uzağa getməyək, “Azərpoçt” 2020-ci ili 8 milyon manata yaxın zərərlə başa vurmuşdu. Daha dəqiq desək, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının nəticələrinə əsasən bu rəqəm 7.746.681 manat təşkil edirdi. Amma 2021-ci ildə bu göstərici 3.4 milyona qədər gerilədi (hələ ki nəticələr audit olunmayıb – red.). Bu gün biz cari ilin ilk 4 ayının nəticələrinə əsasən sevinclə bildiririk ki, artıq “Azərpoçt” mənfi rəqəmlərdən müsbətə çıxıb.
- O zaman deyə bilərikmi ki “Azərpoçt” artıq zərərlə deyil, mənfəətlə işləyir?
- Bəli. Müqayisə üçün sizə bu ilin ilk 4 ayı ilə keçən ilin müvafiq dövrünün nəticələrini təqdim edə bilərik: 2022-ci ilin yanvar – aprel aylarının nəticələri (hələ ki nəticələr audit olunmayıb – red.) göstərir ki, “Azərpoçt” 366 min manat mənfəət əldə edib. Lakin keçən ilin müvafiq dövründə MMC 1.4 milyon manat zərərdə idi. İlin sonuna kimi rəqəmlərin daha da yüksələcəyi gözlənilir. Məqsədimiz, fors-major hallar istisna olmaqla bu trendi saxlamaqdır.
- Əfqan müəllim, bu, sevindirici nəticədir. İndi keçək “Azərpoçt”un beynəlxalq təcrübəyə əsaslanan yeni istiqamətlərinə.
- Yeni istiqamətlərdən biri “Logistika” xidmətidir. Pandemiya şəraitində yaranan tələbatı təhlil edərək qərara gəldik ki, Bakıdan bölgələrə daşımalara birbaşa dəstək vermək lazımdır. Həmin dövrdə həm sahibkarlar, xüsusilə ölkənin ən böyük ticarət mərkəzlərində fəaliyyət göstərənlər, həm də bölgələrdə yaşayan sakinlər əziyyət çəkirdilər. Biz bunun həll yolu olaraq, eyni zamanda ölkədə onlayn alış-verişə dəstək məqsədilə “Logistika” çatdırılma xidmətimizi qurduq və bu gün həmin xidmətdən yüksək nəticələr əldə edirik. Digər istiqamətimiz isə “Retail”dir. Bu xidmət də beynəlxalq təcrübəyə əsasən təşkil olunur. Sahibkarlar öz bizneslərinin inkişafı üçün məhsul və xidmətlərini bizim geniş şəbəkəmiz – 1500-dək şöbəmiz vasitəsilə bütün ölkə vətəndaşlarına təqdim edə bilərlər.
- Əfqan müəllim, bu yaxınlarda bir xəbər yayımlandı. “Azərpoçt” ölkədə ilk “agent bank” rolunda çıxış edir. Bunun “Azərpoçt”a faydası nədir?
- Yeni fəaliyyət istiqamətlərimizdən üçüncüsü elə həmin “agent bankçılıq”dır. Ümumiyyətlə, hər bir əməkdaşlıq ikitərəfli fayda əsasında qurulur. Yəni vətəndaşların tələbatlarının ödənilməsi ilə yanaşı, əməkdaşlıq edən şirkətlərin öz mənfəətlərini artırmasını nəzərdə tutur. “Agent bankçılıq” layihəsi də “Azərpoçt”un gələcək mənfəətləri nəzərə alınaraq istifadəyə verildi. Onu da vurğulamaq istəyirəm ki, yeniliklərin “Azərpoçt” işçilərinin rifahına müsbət təsir edəcəyi gözlənilir.
- Əfqan müəllim, “Azərpoçt” şöbələrində niyə onlayn ödəmə etmək mümkün deyil?
- Bu günə qədər “Azərpoçt” şöbələrində universal poçt xidmətləri üçün onlayn ödəmələr olub, lakin bu, limitli idi. Ya yalnız “Master” kart vasitəsilə ödəniş mümkün olurdu, ya da nağd şəkildə. Amma artıq biz “VİSA” beynəlxalq ödəmə sisteminə qoşulmuşuq və yaxın gələcəkdə POS-terminala tələbat olan nöqtələrdə bütün poçt xidmətləri üçün nağdsız ödəmələr tam şəkildə mümkün olacaq. Bu da öz növbəsində şəffaflığı təmin edəcək.
Bundan əlavə, “Azərpoçt” keyfiyyətin artırılması, eləcə də müştəri məmnuniyyətini ölçmək üçün artıq könüllülərlə işləməyə başlayıb. Belə ki, çox yaxın zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt könüllüləri” layihəsinə start veriləcək.
- Əfqan müəllim, “Azərpoçt”un inkişafı ilə bağlı planlarınız barədə məlumat verməyinizi istərdik.
- Biz 2021-ci ildə “böyük dördlük” – dünyanın ən böyük auditor və konsaltinq şirkətlərindən olan “PwC” ilə “Strateji baxış üzrə əməliyyatlara dair məsləhət xidməti” layihəsi üzərindən əməkdaşlığa başladıq. Bu əməkdaşlığın sonunda qlobal bazar araşdırılıb “Azərpoçt” üçün trendə uyğun biznes modeli, böyümə imkanları və ssenariləri müəyyənləşdirildi. İndi isə çıxarılan nəticələrin və qərarların tətbiqi üzərində işlənilir. Əsas hədəf “Azərpoçt”u gələcəkdə fərqli xidmətlər və müştəri bazası ilə davamlı inkişafı təmin edən müştəri yönümlü şirkətə çevirməkdir.
- Əfqan müəllim, müsahibə üçün təşəkkür edirik!
- Təşəkkür edirəm!
(Trend)