Tanınmış texnobloqer Fərid Pərdəşünas son zamanlar ölkədə orijinal adı altında saxta telefonların istehlakçılara satılması probleminə toxunub.
Eləcə də bax: Azərbaycan vətəndaşları daha çox hansı smartfonları alır? – TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bildirib ki, telefonlara olan böyük təlabat son illər işbazları, eləcə də hakerləri hərəkətə gətirib, bazarda istənilən marka üzrə cihazın orjinalından seçilməyən saxtasını tapmaq mümkündür:
“Ən pis olanı isə saxta telefonların istehlakçılara orijinal adı ilə satılmasıdır. Xüsusilə istelakçılara, vətəndaşlara IMEI kodu saxtalaşdırılmış cihazlar satılır. Belə demək mümkünsə, bu cür telefonları alanlar xeyli pul xərcləyərək sözün əsl mənasında başlarına dərd açırlar. Düşünün ki, sizin cihaz başqa bir cihazın, bəlkə də 10-larla, 100-lərlə telefonun IMEI kodun daşıyır. İndi təsəvvür edin ki, həmin cihazlardan biri oğurlansa və sahibi onu bloklatsa, sizin də cihaz bloklanacaq və siz ən yaxşı halda smartfonunuzu yenidən aktivləşdirmək üçün rəsmi dövlət rüsumunu ödəməli olacaqsınız. Yəni heç gözləmədiyiniz halda əlavə xərclə qarşılaşacaqsınız. Dediyim kimi, bu, ən yaxşı haldır.
Yaxud başqa bir misal, sizin cihazla eyni IMEI koda sahib olan digər cihazın sahibi cinayət əməlində iştirak etsə və cihazı araşdırılsa, sizin cihaz da elə həmin cihaz kimi araşdırılacaq, bəlkə də özünüz hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqsınız. Bu nümunələr hələ ən bəsitidir.
IMEI kodların saxtalaşdırılmasından sonra cihazların məruz qala biləcəyi kibermüdaxilələrdən danışıb, sizi çox da qorxutmaq istəmirəm. Hakerlər, saxtalaşdırdıqları telefonun bütün parametrlərinə daxil olmaq imkanlarına malikdirlər. Məsafədən, qurbanının xəbəri olmadan telefon üzərindən istədiyi əməliyyatı yerinə yetirə bilər – istifadəçi adından bank əməliyyatları aparmaqdan tutmuş müxtəlif şəxsi məlumatların ələ keçirilməsinə qədər nümunələr göstərmək olar”.
Onun sözlərinə görə, belə olan halda telefonların təhlükəsizlik məsələsi bir daha gündəmə gəlir:
“Bu məsələ əslində istehsalçıları da narahat edən məqamdır. Mobil cihaz istehsalçıları telefonların kibertəhlükələrə davamlığını gücləndirmək üçün həm sistem bloku, həm də proqram təminatı üzrə ən son texnologiyaları təqdim edirlər. Lakin bəzən istehlakçı səhlənkarlığı bu gücləndirmələri əhəmiyyətsiz edir. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, IMEI saxtalaşdırılması məsələsinə vətəndaşlar tərəfindən həssas yanaşılsın”.