Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, Qaydaya əsasən abunəçilər əhali və qeyri-əhali kateqoriyalarına bölünür.
ELƏCƏ DƏ BAX: Mobil rabitədə - YENİLİK
Əhali kateqoriyasına aid olan abunəçi yaşayış evlərində və mənzillərində yaşayan, xidmətdən qoşulma müqaviləsinə uyğun təyinatı üzrə istifadə edən və abunə haqqını əhali kateqoriyası üçün müəyyən edilmiş tariflə ödəyən fiziki şəxsdir. Digər abunəçilər isə qeyri-əhali kateqoriyasına aiddir.
Şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 iş günündən gec olmayaraq məlumat verir. Operator ilə müraciət edən şəxs arasında qoşulma müqaviləsi bağlanılır. Qoşulma müqaviləsi abunəçinin müraciəti əsasında və abunəçi qoşulma müqaviləsi ilə müəyyən olunmuş şərtləri pozduqda ləğv edilir. Operator ilə abunəçi arasında qoşulma müqaviləsi bağlandıqdan və qoşulma haqqı ödənildikdən sonra operator qoşulma müqaviləsi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq telefon xəttinin və aparatının şəbəkəyə qoşulmasını təmin edir.
Telekommunikasiya vasitələri yenidən qurularkən texniki səbəblərdən abunəçinin telefon nömrəsinin dəyişdirilməsi zərurəti yaranarsa, nömrənin dəyişdirilməsi abunəçinin razılığı olmadan operatorun hesabına həyata keçirilir və bu barədə abunəçi 10 gün əvvəl yazılı, elektron formada və ya telefonla xəbərdar edilir. Abunəçinin müraciətinə əsasən onun ölkədaxili və beynəlxalq danışıq xidmətlərinə çıxışı bağlanılır. Abunəçi ölkədaxili və beynəlxalq danışıq xidmətlərinin yenidən aktivləşdirilməsi üçün operatora müraciət etdikdə, ödəniş aparılmadan müraciət təmin edilir.
Xidmət üzrə aşağıdakı tariflər Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir:
- qoşulma haqqı;
- yenidən qoşulma haqqı;
- abunə haqqı;
- ölkədaxili danışıq haqqı;
- beynəlxalq danışıq haqqı;
- “107” sifariş xidmətindən istifadə haqqı;
- faks xidmətindən istifadə haqqı;
- taksofon xidmətindən istifadə haqqı;
- rəqəmli rabitə kanallarından istifadə haqqı.
Abunəçilərin şəhər və rayon daxili sabit telefon (məftilli) danışıqları ödənişsizdir. Abunə haqqı cari ayın 5-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 5-dək ödənilir. Telefon nömrəsi abunəçinin adından çıxarılmasından sonrakı 3 (üç) ay ərzində operatora xidmətdən istifadənin bərpası üçün müraciət edilməzsə, digər abunəçilərə verilə bilər. Abunəçi ilə bağlanmış qoşulma müqaviləsinə vaxtından əvvəl xitam verilməsi abunəçini yaranmış borcları ödəmək məsuliyyətindən azad etmir.
Şəbəkənin son nöqtəsindən 100 metrədək məsafədə xidmətə qoşulma müraciət edən şəxs tərəfindən sadəcə qoşulma haqqı ödənilməklə operator tərəfindən həyata keçirilir. Qoşulma məsafəsi 100 metrdən artıq olduqda, 100 metrdən artıq olan hissə üçün operator tərəfindən hazırlanmış smetaya uyğun xərclər də qoşulma haqqına əlavə olaraq müraciət edən şəxs tərəfindən ödənilir. Ölkədaxili və beynəlxalq danışıq üzrə ödənişin məbləği faktiki danışıq müddətinə uyğun olaraq hesablanır.
Telefon çəkdirənlərə 100 metrlik hədd – MÜƏYYƏNLƏŞDİ
20:52
7 Yan 2019