Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti paytaxt ərazisində yerləşən tarixi və memarlıq abidələrinin qorunması məqsədilə monitorinqləri davam etdirir.
FED.az xəbər verir ki, aparılan yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb. Məlum olub ki, sözügedən reklam qurğuları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun və bu sahədə digər qanunvercilik aktlarının tələbləri pozulmaqla quraşdırılmışdır. İlkin mərhələdə qanunsuz quraşdırılan reklam qurğularının bir hissəsinin demontajı təmin edilmişdir.
Hazırda Dövlət Reklam Agentliyi tərəfindən icazəsiz yerləşdirilən reklam lövhələrinin sökülməsi və Dövlət Xidməti tərəfindən abidələrin ilkin görkəminin bərpası istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görünüşünü dəyişdirən və ya onlara təhlükə yarada biləcək istənilən müdaxilə qadağandır.
Əhalini, müəssisə və sahibkarlıq subyektlərini mədəni irsimizə hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq.