Son zamanlar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adından həyata keçirilən saxta investisiya kampaniyaları ilə bağlı saxta mobil tətbiqlər “Play Store”dan silinib.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev bildirib.
Onun sözlərinə görə, ötən həftələrdə xidmətin “Google” ilə çox uğurlu əməkdaşlığı olub: “Bildiyiniz kimi, son zamanlar SOCAR adından saxta investisiya kampaniyaları həyata keçirilir və bununla bağlı “Play Store”da saxta mobil tətbiqlər mövcud idi. Biz bu tipli saxta tətbiqlərin silinməsi üçün “Google” şirkətinə müraciət etdik və onların silinməsinə nail olduq”.
Ş.Əliyev bildirib ki, eyni zamanda Elektron Təhlükəsizlik Xidmətinin onlayn xəritələrlə bağlı işləri də davam edir: “İstər Bakı şəhərində, istərsə də Azərbaycanın müxtəlif ərazilərində toponimlərin erməniləşdirilməsi halları müşahidə edilir. Tərəfimizdən “Google” şirkətinə edilmiş müraciət nəticəsində bu adların əksəriyyətinin dəyişdirilməsinə nail olmuşuq. İşğaldan azad olunmuş ərazilərdə təhrif olmuş Azərbaycan toponimlərinin bərpası istiqamətində də “Google” ilə danışıqlarımız davam edir”. (Report)