“IDC” analitik şirkəti 2018-ci ili smartfonların satışı baxımından ən pis il adlandıraraq onların tədarük həcminin say ifadəsində ardıcıl beş rübdür azalmasını açıqlayıb.
FED.az “ICTnews”a istinadən xəbər verir ki, ötən il ərzində smartfon bazaqrında ümumi tədarük həcmi 14 milyard ədəd təşkil edərək 2017-ci illə müqayisədə 4,1 faiz azalıb.
Qeyd olunur ki, bu ilin birinci rübündə bazarda vəziyyətin mürəkkəb qalmasını nəzərə alaraq 2019-cu ildə tədarük həcminin azalmaqda davam edəcəyi ehtimal edilir.
Azalmaya səbəb kimi analitiklər tərəfindən növbəti telefonların alışı arasında müddətin artması, böyük bazarlarda məhsul bolluğu, siyasi-iqtisadi qeyri-müəyyənlik və istehlakçıların qiymətlərin durmadan bahalaşması ilə əlaqədar artan narazılığı göstərilir.
Məlumata görə, tənəzzül Hindistan, İndoneziya, Cənubi Koreya və Vyetnamın sürətlə inkişaf edən bazarları istisna olmaqla bütün dünyada müşahidə olunur.
2018-ci ildə tədarük həcminə görə liderlər beşliyinə “Samsung” (290 milyon, 2017-ci illə müqayisədə 8 faiz azalma), “Huawei” (206 milyon, 35 faiz artım), “Apple” (205 milyon, 5 faiz azalma), “Xiaomi” (120 milyon, 30 faiz artım), “OPPO” (115 milyon, 2 faiz artım) şirkətləri daxil olub.
4-cü rübdə 5 lider arasında ən çox payı azalan “Apple” şirkəti olub. Onun tədarük həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalma qeydə alınıb.