Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA rəqəmsal imza Milli İnternet Mükafatı (MilliNet – 2023) müsabiqəsində “İlin rəqəmsal biznes həlli” nominasiyası üzrə qalib olub.
FED.az xəbər verir ki, “SİMA İmza” qatıldığı nominasiyada finala çıxan 10 namizəd arasında ən çox səs toplayaraq “İlin rəqəmsal biznes həlli” seçilib.
“AzInTelecom”un sponsor olduğu “İlin rəqəmsal siması” nominasiyası üzrə qalib isə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov olub. “AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov nominasiyanın qalibini təltif edib.
Bundan əlavə, “NETTY” təşkilatının keçirdiyi Milli İnternet Mükafatı müsabiqəsində də “SİMA İmza” tətbiqi Dövlət və Elektron Hökumət nominasiyası üzrə “İlin ən yaxşı tətbiqi” adına layiq görülüb.
Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirən SİMA İmza artıq ekosistemdə həm istifadəçilər, həm də xidmət təqdim edənlər üçün yeni qaydalar, yeni tələblər formalaşdırır.
Biometrik həllərə, bulud texnologiyasına və süni intellektə əsaslanan, hüquqi olaraq əl imzasına bərabər olan “SİMA İmza” ilə hazırda 30-dan çox qurum öz xidmətlərini rəqəmsallaşdırıb.
Hazırda 750 mindən çox istifadəçisi olan “SİMA İmza” mobil tətbiqi ilə 80-dən artıq dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən çox qurumla SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası davam etdirilir.
“SİMA İmza” ilə artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. Bununla da dünyanın istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir Azərbaycan vətəndaşı, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər və fərdi sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlarımız olduğu yerdən elektron xidmətlərdən yararlanır. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə təkan verir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran rəqəmsal imzanın ölkəmizdə biznes proseslərini sürətləndirdiyi müşahidə olunur.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.