Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC “Bank of Baku” ASC ilə əməkdaşlığa başlayıb.
FED.az xəbər verir ki, “AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Bank of Baku”ya məxsus “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib.
Artıq “Bank of Baku” müştəriləri “Dostbank” mobil tətbiqində identifikasiya prosesini “SİMA İmza” ilə tamamlayaraq sürətli şəkildə qeydiyyatdan keçə bilərlər.
“Dostbank” mobil tətbiqinin istifadəçiləri banka getmədən kart və hesab əməliyyatları, çıxarışlar əldə edilməsi, kommunal və digər ödənişlərin aparılması, ölkədaxili və beynəlxalq bank kartlarına köçürmələr, onlayn növbə təyin edilməsi, kredit müraciəti göndərilməsi və s. kimi bir çox xidmətdən tam rəqəmsal şəkildə yararlana bilərlər.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
“SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Çağırı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.