Son günlər Azərbaycanda vətəndaşlara qarşı yönəlmiş genişmiqyaslı fişinq – elektron hücum kampaniyası aşkar edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkədə müxtəlif vətəndaşların emaillərinə guya Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş məktub daxil olub.
Məktubda belə hücumlarda istifadə olunan standart mətn yer alır: email sahibinin guya qadağan olunmuş kontentə (o cümlədən uşaq pornoqrafiyası və sair) baxdığı, bu mövzularda yazışdığı və sair hərəkətlər yol verdiyi, bütün bunların qeydə alındığı bildirilir. Email sahibinə bildirilir ki, o cərimə ödəməlidir, təcili olaraq məktuba cavab versin, əks halda həbs olunacaq və onun işi barədə mediaya məlumat veriləcək.
Qarşı tərəfin emaili isə Azərbaycan dövlət qurumlarının emainə oxşar variantda hazırlanıb.
Ölkə vətəndaşlarına kütləvi fişinq hücumunun edildiyini Elektron Təhlükəsizlik Xidməti (ETX) də təsdiqləyib.
Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.
İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
• Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;
• E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;
• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;
• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;
• Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.
Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.











