Dünyanın ən byöük texnoloji şirkətlərindən biri olan ABŞ-ın «Oracle» şirkəti ötən həftə dünyanın müxtəlif regionlarda yerləşən ofislərində işçilərin ixtisarlarına başlayıb.
FED.az biznes vı maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda texnologiya şirkətlərinin əksəriyyəti, süni intellektin inkişafı səbəbindən ixtisarlar edirlər. «Oracle» şirkətində diqqəti çəkən məqam, bu prosesin necə həyata keçirilməsi və sərt qaydalardır.
Belə ki, «Oracle» əməkdaşları onlarla əmək münasibətlərinin dərhal – yəni həmin gün dayandırılmasını nəzərdə tutan işdən çıxarılma bildirişləri alıblar. İşdən çıxarılan əməkdaşlara müavinət (təzminat) təklif olunub və onlardan növbəti prosedurlar üçün şəxsi elektron poçt ünvanlarını təqdim etmələri tələb olunub.
Xatırladaq ki, bu ixtisarlar iri texnologiya şirkətlərinin ştat sayını azaltmasının son nümunəsidir. Yanvar ayında «Amazon», 14 000 işçini işdən çıxardıqdan bir neçə ay sonra, təxminən 16 000 korporativ vəzifənin ixtisar ediləcəyini elan etmişdi. Keçən həftə isə «Meta» şirkəti, minlərlə vəzifənin ləğvi ilə nəticələnən bir neçə illik ixtisarlardan sonra yüzlərlə əməkdaşı işdən çıxarmağa başlayıb.
«Oracle»ın sonuncu hesabatına görə, 2025-ci ilin may ayına şirkətdə təxminən 162 000 ştatlı işçi çalışıb. İşdən çıxarılan əməkdaşların «LinkedIn»dəki paylaşımlarına görə, ixtisarlar Oracle Health, Sales, Cloud, Customer Success və NetSuite bölmələrinin personalına təsir edib.
Şirkətin işçilərinə göndərdiyi məktub belədir:
«Sizə vəziyyətinizlə bağlı xoş olmayan xəbəri çatdırırıq. Oracle-ın cari biznes ehtiyaclarını diqqətlə təhlil edərək, daha genişmiqyaslı təşkilati dəyişikliklər çərçivəsində sizin vəzifənizin ləğv edilməsi barədə qərar qəbul etdik. Nəticədə, bu gün sizin son iş gününüzdür. Biz sizə göstərdiyiniz sadiqliyə, fədakar əməyinizə və bizimlə işlədiyiniz müddət ərzində verdiyiniz töhfələrə görə minnətdarıq.
İşdən çıxarılma sənədlərini imzaladıqdan sonra, işdənçıxarma müavinəti planının şərtlərinə uyğun olaraq müavinət almaq hüququnuz yaranacaq. Sizin Oracle elektron poçt ünvanınıza işdənçıxarma müavinətiniz və işdən çıxarılma tarixiniz haqqında ətraflı məlumatı özündə əks etdirən məktub göndəriləcək.
Tez-tez verilən suallara cavablar və bu keçid dövründə sizə kömək edəcək əmək müqaviləsinə xitam verilməsi haqqında sənədlər də daxil olmaqla, vacib növbəti məlumatları almaq üçün şəxsi elektron poçt ünvanınızı qeyd etməlisiniz.
Kompüterinizə, elektron poçtunuza, səsli poçtunuza və fayllarınıza giriş tezliklə deaktiv ediləcək və siz sistemə daxil ola bilməyəcəksiniz. Xatırladırıq ki, Oracle-ın hər hansı konfidensial məlumatını yükləmək, kopyalamaq və ya saxlamaq (o cümlədən özünüzə elektron poçtla göndərmək) sizə qadağandır.
Təşkilatımıza verdiyiniz töhfələrə görə təşəkkür edirik»













